۱۹ fevral 1975-ci il tarixində beyrutun kabuşin kilsəsində imam musa sədrin orucluğun başlanmasına münasibəti ile etdiyi çıxışın mətni. Livan xristianları rəhbərinin də iştriak edirdiyi bu tədbirda, dialoq ve hemrəylik məsələsinda xristian tayfaların dini və siyaasi mövqelərini yüksək səviyyədə dəyərlandirdiyina görə imam musa sədrə təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Livanın keçmiş prezidenti şarl hələv bu barəda deyir: xristianlıq tarixində ilk dəfədir ki, katolik olmayan bir ruhani, katolik kilsəsində xitabət kürsüsündən möminlər üçün belə bir söhbət edir. Bu hadisə nəinki təəccüblüdür, balka üzerinda uzun müddət derin təfəkkür ve düşüncəyə ehtiyac olan bir hadisədir. Imam Musa sədrin sonrakı proqramı xristian rəhbarlərini cüma namazında xütbə oxumaq üçün dəvət etmək idi, amma vətəndaş müharibəsinin başlanması üzündən bu proqram həyata keçmədi.
Tərcümə edən: Rəşad Həsənov
Ey Allahım, Sənə həmd edirik, Sənə şükür edirik. Ey Rəbbimiz! Ey İbrahim və İsmayılın Allahı! Musanın, İsanın və Məhəmmədin Allahı! Ey zəif düşmüşlərin Rəbbi və bütün yaranmışların Allahı!
Həmd olsun o Allaha ki, qorxanlara pənah, doğrulara nicat verir, zəifləri ucaldır, lovğaları alçaldır, padşahları həlak edib yerlərinə başqalarını gətirir. Həmd olsun qoluzorluları yıxan, zülmkarları məhv edən, qaçanları tutan, tüğyan edənlərdən intiqam alan, fəryad edənlərin dadına çatan Allaha.
Ey Allahım, Öz lütfünlə bizə müvəffəqiyyət verdiyin, Öz hidayətinlə bizi bir yerə topladığın, Öz sevgin və mərhəmətinlə qəlblərimizi bir etdiyin üçün Sənə həmd edirik.
Hal-hazırda biz Sənin qarşında, Sənin evlərindən birində, Sənin üçün tutulan pəhriz günlərində bir yerə toplaşmışıq. Qəlblərimiz Sənə doğru qanad çalır, ağlımız nuru da, hidayəti də Səndən alır. Bizi ona görə çağırmısan ki, Sənin yaratdıqlarına xidmət yolunda çiyin-çiyinə addım ataq, Sənin canişinin olan insanın xoşbəxtliyi naminə vahid bir kəlmə ətrafında birləşək. Biz də Sənin dərgahına üz tutmuş, Sənin mehrabında dua etmişik.
Biz insan üçün toplaşmışıq. O insan ki, dinlər də ona görə göndərilib. Dinlər əzəldən bir olublar, biri o biri üçün müjdə verib, biri digərini təsdiq edib. Allah bu dinlər vasitəsilə insanları qaranlıqlardan nura çıxarmış, onları neçə-neçə dağıdıb parçalayan ixtilafdan xilas etmiş, onlara sülh yolunda addım atmağı öyrətmişdir.
Dinlər bir olublar. Çünki hamısı bir hədəfə xidmət üçün göndəriliblər: Allaha dəvət və insana xidmət. Bu ikisi əslində, bir həqiqətin iki üzüdür. Dinlər özlərinə xidmət etməyə başladıqları gündən isə aralarında ixtilaf yaranmış, get-gedə hər dinin özünə olan diqqəti o qədər artmışdır ki, az qala əsl hədəf unudulmuşdur. Nəticədə, ixtilaf böyüyüb kəskinləşmiş, insanın da əzab-əziyyəti çoxalmılşdır.
Dinlər bir olublar. Bir hədəfə qulluq ediblər: Yer üzünün tanrıları və zülmkarlarla döyüşmək, zəiflərə və əzab çəkənlərə yardım etmək. Bunlar da həmçinin bir həqiqətin iki üzüdür. Dinlər qələbə çalanda zəiflər də onlarla birlikdə qələbə çaldılar. Bu vaxt gördülər ki, zülmkarlar da simalarını dəyişib, qənimət əldə etmək üçün irəli düşüblər, din adından hökm etməyə başlayıblar, din qılıncını əllərinə götürüblər. Beləliklə də, əzabkeş insanların möhnəti daha da artdı, dinlər müsibətə qərq oldu, ixtilaflar baş alıb getdi. Elə bir ixtilaf yoxdur ki, mənfəətpərəstlərin marağına xidmət etməsin.
Dinlər bir olublar. Çünki dinlərin başlanğıc nöqtəsi olan Allah da birdir; dinlərin hədəfi olan insan da birdir; dinlərin beşiyi olan kainat da birdir. Hədəfi unudub, insana xidmət etməkdən uzaqlaşdığımız vaxt, Allah da bizi öz başına buraxıb, bizdən uzaqlaşdı. Nəticədə, ayrı-ayrı firqələrə bölünüb, ayrı-ayrı yollara üz tutduq, aramızda düşmənçilik yarandı, ixtilafa düşdük, vahid kainatı hissələrə parçaladıq, şəxsi maraqlarımızın dalınca düşdük, Allahdan başqa tanrılara tapındıq və insanı məhvə sürüklədik və o da məhv oldu.
İndi isə düz yola, insana doğru qayıdırıq ki, Allah da bizə tərəf qayıtsın. Biz əzabkeş insana tərəf qayıdırıq ki, Allahın əzabından qurtula bilək. Zəif düşmüş, əzilmiş və məhvə sürüklənmiş insanın ətrafında bir yerə toplaşırıq ki, bu yolla hər şeydə bir olaq; Allahda bir olaq, nəticədə, dinlər də bir olsunlar.
“Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu, Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allahadır”. (Maidə, ۴۸)
Bu saatda, kilsədə, pəhriz günlərində, dini moizə mərasimində, məsul başçıların dəvəti ilə burada iştirak edir və özümü sizinlə birgə yolun ortasında görürəm: həm moizə edənəm, həm də moizə dinləyən; dilimlə danışır, qəlbimlə isə dinləyirəm. Tarix bizə şahidlik edir. Biz onu dinləyir, ona şahidlik edirik, o da bizi dinləyir. Tarix Livana – görüş diyarına, insan yurduna, əzabkeşlərin vətəninə, qorxanların pənah yerinə şahidlik edir. Bu şəraitdə, bu yüksək üfüqdə xalis səmavi nidaları eşitmək iqtidarındayıq. Çünki biz əsl mənbələrə yaxınlaşmışıq.
Budur, həzrət Məsih belə fəryad edir: “Əsla! Əsla, insana nifrətlə Allahı sevmək bir yerə sığmaz!” Onun səsi ürəklərdə dolaşır və başqa bir nida yüksəlir Rəhmət Peyğəmbərindən: “Qonşusu ac ikən özü tox yatan Allaha və Qiyamət gününə iman gətirməmişdir”.
Hər iki nida zamanın beşiyində bir-biri ilə səsləşir. Ta ki, bu səs başqa bir pəhriz günündə Papa cənablarının dilində əks-səda verir: “Məsih ilə yoxsul insan eyni adamlardır”. O, “Millətlərin tərəqqisi” adlı məşhur məktubunda insanın ləyaqəti üçün narahat olur və məbəddə danışan Məsih tək belə deyir: “İnsan ləyaqətinin bu şəkildə alçaldılmasının zorakılıqla sona çatması çox böyük bir hadisə idi”. Həmçinin deyir: “Zülmkar rejimlər insani dəyərlər baxımından ən aşağı səviyyədə olan rejimlərdir. Bu rejimlər hakimiyyətdən suistifadə etmək, fəhlələrin hüquqlarını tapdalamaq və əhdə dönük çıxmaq üzərində qurulmuşdur”.
Məgər bu pak nida ilə islam mənbələrində qeyd olunanlar arasında bir fərq var?! “Mən – yəni Allah – qəlbi sınmışların yanındayam. Bir xəstəyə baş çəkdiyin vaxt Mən onun yanındayam; bir kasıba əl tutduğun vaxt Mən onun yanındayam; ehtiyacı olan bir kimsənin ehtiyacını ödədiyin vaxt Mən onun yanındayam”.
Bu məqsədə çatmaq üçün lazım olan vasitəyə gəlincə: Allah haqqı bərqərar etmək üçün çəkilən hər zəhməti, məzluma kömək etmək üçün göstərilən hər təşəbbüsü Öz yolunda edilən cihada, Öz mehrabında qılınan namaza bərabər tutmuşdur. O Özü də bu köməyə zamindir.
Bu arqumentlər kontekstində bir daha insanımıza qayıdırıq ki, onu əzən, onu parçalayan qüvvə ilə də tanış olaq.
İnsan – bu ilahi töhfə, xüsusiyyətləri baxımından öz Yaradanı surətində yaradılan bu məxluq Allahın Yer üzündəki canişinidir. Bu insan varlığın əsası, cəmiyyətin başlanğıc və qayəsi, habelə tarixi hərəkətə gətirən bir qüvvədir. Bu insan özünün bütün güc və potensialı ilə bərabərlik təşkil edir; təkcə ona görə yox ki, hazırkı əsrimizdə fəlsəfə və fizika maddənin enerjiyə çevrilməsi fikrində razılığa gəliblər, əksinə, ona görə ki, həm dinlər, həm də təcrübi elmlər bu qənaətdədirlər ki: “İnsana öz zəhmətindən savayı heç nə qalmır!” (Nəcm, 39) Əməllər əbədiləşir. İnsanın dəyəri müxtəlif üfüqlərdə saçdığı şəfəqlərdən başqa heç nə ilə ölçülmür. Buna görə də insan potensialına nə qədər hörmətlə yanaşıb, onu qorumağa çalışsaq, bir o qədər də ona ehtiram göstərmiş və onu əbədiləşdirmiş olarıq.
Əgər imanın səmavi yönü insana tükənməz duyum və tükənməz istək gücü verirsə, insanı daim ümidvar edirsə, əli hər yerdən üzüləndə narahatlığını aradan qaldırırsa, bir tərəfdən onunla digər insanlar arasında, bir tərəfdən də onunla digər varlıqlar arasında harmoniya yaradırsa; əgər imanın bu yönü insana belə bir əzəmət və gözəllik bəxş edirsə, imanın digər bir yönü də insanı qorumağa səy göstərir, onu qorumağı vacib hesab edir və bildirir ki, insana xidmət olmayan yerdə iman da ola bilməz.
İnsanın bütün potensialı, habelə bütün insanların potensialı qorunub gücləndirilməlidir. Buna görə də ilkin dini bəyanatlardan Papa cənablarının son bəyanatınadək mükəmməllik prinsipi diqqət mərkəzində olmuşdur: “Bir inkişafın əsl inkişaf olması üçün onun mükəmməl olması şərtdir. Yəni bütün insanlar və bütün insani keyfiyyətlər gücləndirilməlidir”.
Bu səbəbdən də görürük ki, oğruluq bütün təlimlərdə haram hesab edilib. Çünki oğruluq insan potensialının və bu potensialın istehsal etdiyi şeylərin qəsb edilməsi deməkdir. Bu oğruluq bu gün istismarçılıq və inhisarçılıq formalarında təzahür edir; ya sənaye inkişafı donuna bürünərək, ya da müxtəlif istehsal vasitələri yolu ilə insanın üzərinə qoyulan qondarma tələblərin təmin edilməsi şəklində. Belə ki, insan özündə süni ehtiyac hissi duyaraq daha artıq istehlak etməyə məcbur qalır. Bu gün insanın tələbləri heç də onun öz təbiətindən qaynaqlanmır, əslində, bütün bunlar istehsal müəssisələrinə tabe olan təbliğat vasitələrinin köməyi ilə süni şəkildə yaradılmış tələblərdir.
Bu gedişlə insan üçün hər gün yeni bir tələb, yaxud yeni bir tələbə yol açan hər hansı bir inkişaf meydana çıxıb onun bütün potensialını mənimsəyir. Bu tələblərin böyük əksəriyyəti insanın öz potensialını özünün istədiyi yolda sərf etməsinə mane olur. Habelə biz insan potensialına mane olan, onu məhv edən, yaxud pərakəndə hala salan müxtəlif güclərin geniş inkişafına da şahid oluruq. Bu güclərin formaları dəyişib, inkişafları artsa da, əsas və bünövrələri dəyişməz olaraq qalır.
Din məsələn, yalan və ikiüzlülüklə, qürur və təkəbbürlüklə mübarizə aparır. Bu xüsusiyyətləri əsaslı surətdə nəzərdən keçirdikdə onların fərd və cəmiyyətin potensialına təsir miqdarını anlamış oluruq. Yalan insanlar arasında qarşılıqlı əməkdaşlığa xidmət edən potensial və imkanları saxtalaşdırır. O potensial ki, insan məhz bunu başqalarına təqdim edib, onlardan qarşılıq əxz etmək yolu ilə inkişaf edir. Yalan həmin bu potensialı saxtalaşdıraraq tanınmaz hala salır. Beləcə, qarşılıqlı əməkdaşlıq öz keyfiyyətini itirir, potensial isə işə yaramır. Həmçinin qürur və təkəbbürlük də insanı donuq vəziyyətə salır. Çünki insan bu xüsusiyyətlərlə ehtiyacsızlıq həddinə çatdığını güman edir. Qürurlu insan bir yandan başqasının yardımından məhrum olub, inkişafdan geri qalır, bir yandan da başqaları onun yardımından və onun vasitəsilə inkişaf etməkdən məhrum olurlar. Nə özü bir şey əldə edir, nə də başqasına bir şey verə bilir. Bu, insanın bütün potensiallarının məhvi deməkdir. Yalan və qürur timsalında olan digər xüsusiyyətlər də bunun kimidir.
Məsələn, azadlıq da münasib şərait yarandıqda insan potensialının üzə çıxıb inkişaf etməsinə xidmət göstərən psixoloji haldır. Bu azadlıq daim hücuma məruz qalmış, müxtəlif bəhanələrlə başqaları tərəfindən qəsb edilmişdir. Azadlıq insanın bacarıq, istedad və potensialının inkişafı üçün münasib fəza olduğundan bir növ insanın bütün bacarıqlarının bünövrəsidir. Bu səbəbdən də çox ağır qarşıdurma və çəkişmələr baş tutmuşdur. Azadlıq insandan alınan vaxt fərd və cəmiyyətin potensialı da qəsbkarların azadlığa qoyduğu məhdudiyyət ölçüsündə zəifləyir, nəticədə, fərd də, cəmiyyət də cılızlaşır. İnsan bu məhdudiyyətlərə qarşı mübarizə aparıb, çarpışdıqda, biz də onunla birlikdə imanımızın tələbinə uyğun olaraq tarix boyu hansı formada təzahür etməsindən asılı olmadan, parçalayıb dağıdan bu gücün özbaşınalığına mane olmağa çalışdıqda əsl həqiqətdə, insanımızı, bununla birlikdə isə onun potensialını və ləyaqətini müdafiə etmiş oluruq.
İstər zorakılıq, istər müstəmləkəçilik, istər fodalizm, istər ideoloji terorizm, istər insanları heç nə anlamamaqda günahlandırmaq və onları himayə etmək iddiasında olmaq, istər yeni müstəmləkəçilik, istər fərd və millətləri iqtisadi, mədəni və ideoloji təzyiqlərlə müəyyən mövqeyə məcbur etmək, istər bir qrup insanı, bir qrup regionu imkanlardan məhrum etmək; onları savadsız səviyyədə saxlamaq, onları səhiyyədən, inkişafdan, tərəqqidən məhrum etmək və s. – bütün bunlar azadlığı qəsb etməyin və potensialları məhdudlaşdırmağın müxtəlif formalarıdır.
Böyük bir büt olan bu pulu həzrət Məsih mələküt aləminə daxil olmaqda ən böyük maneə hesab edir – dəvəni iynə dəliyindən keçirməkdən də böyük. Bu pul fitnələrin mənşəyidir. Halbuki öz qədərində, əndazəsində qaldığı vaxt pul bir nemətdir. Lakin hədəfə çevrildiyi, Allah əvəzinə ona ibadət olunduğu, insan üçün ən müqəddəs bir varlığa çevrildiyi, onu özü üçün hərəkətə gətirib, öz ətrafında dolandırdığı vaxt isə bu pul fərd və cəmiyyətin digər ehtiyaclarını görməzdən gəlmək bahasına inkişaf etmiş olur. Bu vaxt dağıdıcı və ya parçalayıcı bir gücə çevrilir, güclünü zəifə qırdırır.
Həmçinin şəhvət adlandırdığımız bütün insani ehtiyaclar da bunun kimidir. Hər bir ehtiyac insanı həyatda hərəkətə gətirir, ona istiqamət verir. Lakin bir ehtiyac digər ehtiyaclara etinasızlıq bahasına inkişaf edib böyüdükdə insan üçün fəlakət yaradır. Bu bizi güc, sərvət, vəzifə, məqam və digər insani imkanlar qarşısında böyük məsuliyyət daşımağa sövq edən amildir.
Əslində, imanın Allahla insan arasında əlaqə yaradan yönləri daim bərqərardır. İmanın bu yönlərinin müasir mədəniyyətdən uzaqlaşdırılması onu hərc-mərclik meydanına çevirmişdir. Mədəniyyət tarixinə nəzər saldıqda görürük ki, insan hər yeni mədəniyyət formasında özünün digər cəhətlərinə göz yumaraq siyasət, idarəçilik, iqtisadiyyat, quruculuq kimi ancaq bir cəhət üzərində inkişaf etmişdir. Çünki iman təməlinə söykənməmişdir. İman insanı hamıya xidmət yolunda orta yol tutmağa sövq edir; nə dağıdır, nə də parçalayır. Həmin sahələr iman təməli üzərində olmadıqlarına görə də hər ehtiyac fərqli bir dövrdə inkişaf etmişdir. Nəticədə, idarəçilik, siyasət, iqtisadiyyat, quruculuq – müstəmləkəçilik, müharibələr, yeni iqtisadi model axtarmaq, silahlı sülh hakimiyyəti və s. gətirib çıxarmış, insan həyatını isti və soyuq müharibələr ilə yaraları sarıma və silahlı sülh arasında baş-başa qoymuşdur.
Eləcə də insan kamilliyinin mənşəyi olan özünüsevmə hissi özünəpərəstişə çevrildikdə problem yaranır. Kainatın ayrılmaz bir parçası hesab olunan bütün bu qarşıdurmalar özünüsevmə duyğusunun özünəpərəstişə çevrilməsinin nəticəsidir. Özünəpərəstiş cəmiyyətdə də eyni təsiri qoyur. Cəmiyyət insana xidmət naminə formalaşır. Çünki insan təbiəti etibarilə mədəni və ictimai bir varlıqdır; o fərdi və ictimai olmaqla iki yönü olan bir varlıqdır. Özünəpərəstiş hissi cəmiyyətə nüfuz etdikdə insanın problemleri müxtəlif formalarda təzahür edir: fərdi özünəpərəstişdən tutmuş ailəpərəstliyə, qohumpərəstlikdən tutmuş məzhəbçiliyə, – o məzhəbçilik ki, səmavi dəyərləri maddi keyfiyyətlərə bürüyür, dini və ya məzhəbi öz əzəmətindən, şəfqət və tolerantlığından ayırır; o məzhəbçilik ki, ali dəyərləri dəyər-dəyməzinə satır – nəticədə, bu özünəpərəstiş millətçiliyə qədər gəlib çıxır. Vətənpərvərliyin özü də ən şərəfli hisslərdən biri olmasına baxmayaraq, irqçi vətənpərliyə çevrildikdə; insan az qala Allah əvəzinə, vətənə sitayiş etmək həddinə gəlib çıxdıqda bu vaxt öz vətəninin əzəmətini başqalarının vətənini viran qoymaq bahasına ucaltmağa, öz mədəniyyətini başqa mədəniyyətlərin xarabalıqları üzərində inşa etməyə, öz xalqının güzəranını başqa xalqları yoxsullaşdırma hesabına yaxşılaşdırmağa razı olur. Dünyanı dəfələrlə oda bürüyən nasizmin özü də bunun bir nümunəsidir.
Bütün bu özünəpərəstiş nümunələri öz məcrasından çıxdıqlarına görə hərc-mərcliyə və dağıntıya səbəb olmuşdur. Əslində isə, özünüsevmə, ailəyə sevgi, qohumlara məhəbbət, vətən sevgisi, milli mənsubiyyət – hər biri öz çərçivəsində olduqda insan həyatında müsbət addımlara yol açır.
İndi isə bu çıxış üçün seçdiyimiz başlığa – “İnsanın ehtiyac və bacarıqları”na qayıda bilərik.
İnsanı qoynuna alan cəmiyyət hər kəs üçün uyğunluq təşkil etməlidir. Hər bir fərd də münasib fərd olmalıdır. Bir ehtiyac digər ehtiyaclara göz yummaq hesabına gücləndikcə nəticə də ürəkaçan olmayacaq. Bir fərd, yaxud bir fərdin ehtiyacları başqa fərdlərin hesabına təmin olduqca nəticə də ağır olacaq. Eləcə də bir cəmiyyət, yaxud bir cəmiyyətin ehtiyacları başqa bir cəmiyyətin hesabın ödəndikə müsibət baş verəcək. Başqalarının halını anlamq isə orta yolla baş tutur; bu vaxt insan başqalarının dərdini öz dərdi hesab edir. Onu oruc tutmağa sövq edən də bu düşüncədir. Bu orta yol həm fərdin münasib surətdə inkişaf etməsininin, həm də cəmiyyətin münasib surətdə inkişaf etməsinin qarantıdır.
Livan – bizim ölkəmiz; o ölkə ki, ilk və son sərmayəsi onun insanıdır – öz səyi, mühacirəti, düşüncəsi və addımları ilə Livanın əzəmətini ucaldan insan; məhz belə bir insan bu ölkədə qorunub hifz edilməlidir. Əgər hər hansı bir ölkənin insandan sonra başqa bir sərvəti varsa, bizim insandan sonra sərvətimiz yenə də öz insanımızdır. Buna görə də Livanda məbədlərdən tutmuş universitetlərə və digər müəssisələrə kimi bizim səyimiz Livanın hər bir insanının, eləcə də müxtəlif regionlarda, müxtəlif bacarıqlara malik bütün insanların qorunmasına yönəlməlidir.
Əgər Livanı qorumaq istəyiriksə, əgər öz vətənpərvərlik hissimizi yaşamaq, öz dini duyğularımızı təqdim olunmuş əsaslar üzərində yaşamaq istəyiriksə, Livan insanını qorumalıyıq – təkcə müəyyən bir qismini deyil, bütün insanlarını, bütün potensialları ilə.
Əgər Livanda yaşayıb, hər gün məhrumiyyətin şahidi oluruqsa, başa düşürük ki, bu məhrumiyyət yanlış tədbir görməyin nəticəsidir. Hamı məsuliyyət daşıyır. Mübarək kəlamlarda eşitdiyimiz kimi insanın yolunda hər hansı bir sərtliyə ancaq insanın ehtiyacı qədərində və insanın insanlığına xələl gəlməmək şərti ilə yol verilə bilər.
Livanda bizim və bizim insanlarımızın yaşadığı bölgələr də Livan insanı kimi bizim və məsul şəxslərin üzərində bir əmanətdir. Cənub və digər bölgələr – bu əmanətlər Allahın əmri ilə, vətənin əmri ilə qorunmalıdır. Buna görə də agah surətdə düşünüb əməl etməliyik. Həm düşüncədə yanlışlıq, həm də əməldə yanlışlıq – ikisi də əmanətə xəyanət deməkdir. Birbaşa fitnə-fəsada yol açamaq xəyanəti, başqalarını imkanlardan məhrum etmə, ümumi əmlak və hüququ hədər etmə xəyanəti. Hər hansı formada, hər hansı adla ayrı-seçkilik salmaq parçalanmağa səbəb olur.
İnsan və insanlıq diyarı olan Livanın insani gerçəkliyi bu gün düşmənlə müqayisədə aşkara çıxmışdır. Belə ki, düşmənin şovinist bir cəmiyyət yaratdığını, özünün bütün maddi, mədəni, siyasi və hərbi gücü ilə dağıdıcılıq və separatçılıq törətdiyini, hətta tarixi təhrif edib, Müqəddəs Qüds şəhərini yəhudiləşdirməyə, tarixi adidələri dağıtmağa cürət etdiyini müşahidə edirik.
Buna görə də bizim vətənimiz təkcə Allah və insan naminə deyil, həm də bütün insanlıq naminə qorunmalıdır ki, mövcud sima qarşılığında haqqın mübariz simasını nümayiş etdirək. Hal-hazırda biz özümüzü ömrün bir fürsəti ilə, Livanın başlatdığı yeni bir səhifə ilə üz-üzə görürük.
Ey mömin kişi və qadınlar, insan üçün, bütün insanlar üçün, Beyrutdakı insanımız üçün, Cənubdakı insanımız üçün, Hirmildəki, Akkardakı, Beyrut ətrafındakı, Karantinadakı, Həyy əl-Silmdəki insanımız üçün bir-birimizlə həmrəy olmalıyıq. Çünki bu insanlar bu imkanların bir hissəsi, bu hərəkatın bir parçası olub, hər növ inziva və qruplaşmadan uzaqdırlar. Gəlin Livan insanını qoruyaq ki, bu ölkəni də qorumuş olaq. İnsan diyarını, tarixin və Allahın əmanəti olan bir ölkəni.